Bir gəncin manifesti:Qaraqanın sirri nədədir ?

HOST rep qrupunun solisti, 3 roman müəllifi, Milli Kitab Mükafatının ilk qalibi, Azərbaycanın ən çox satılan yazıçısı, 14-25 yaş arası yeniyetmə və gənclərin kumiri, son illərdə ölkənin ən çox müzakirə olunan gənci… – Elxan Qaraqan.
“YOUTHinterest”, ANN.Az xəbər portalı “Bir gəncin manifesti” adlı yeni layihəsinə Qaraqandan başlayır. Layihənin məqsədi Azərbaycanın uğur qazanmış gənclərini daha yaxından tanımaq, onların uğur reseptinə bələd olmaqdır.

 “Biz birinci olmaq üçün 10 illərlə əziyyət çəkməmişik”

– Elxan bəy, özünüzü hər hansı bir tədbirdə və ya ictimaiyyət arasında necə təqdim edirsiz?

– Gənc Azərbaycan vətəndaşı, jurnalistika fakultəsinin tələbəsi, yazıçı və müsiqiçi Elxan Zeynallı. 

– Cəmiyyət arasında ilk əvvəllər bir reper kimi tanınmısınız. İlk repinizi nə vaxt yazmısınız və belə bir addım atmaq nədən irəli gəldi?

– Ümumiyyətlə, ilk dəfə şeir yazmağa başlamışam. Bu o zamana təsadüf edir ki, hələ məktəbə getmirdim. Daha sonralar şəkillər çəkib, yanında kiçik komikslər yazırdım. Böyüdükcə rep daha çox xoşuma gəlməyə başlamışdı. Ümumiyyətlə, müsiqi hər zaman xoşuma gəlib, nəinki futbol oynamaq, uşaqlarla tapança oyunu oynamaq. Sonra da yavaş-yavaş başladım replər yazmağa. İlk repim 2007-ci ildə yazılıb. Ondan 20 gün sonra isə HOST qrupu artıq Azərbaycanda birinci yerdə olmağa başladı. Biz birinci olmaq üçün 10 illərlə əziyyət çəkməmişik. İlk yazdığımızdan insanların xoşuna gəlmişik.

– Bəs HOST qrupunun formalaşması necə baş verdi?

– Əvvəlcə məktəb yoldaşlarımızla başladı. Əslində tam məktəb yoldaşı da demək olmaz, çünki artıq universitetdə təhsil alırdıq, amma xüsusi tələbə dostlarım olmadığı üçün ilk HOST-u yaradanlar mən və orta məktəb yoldaşlarım olub. Qeyd edim ki, biz əvvəl məktəbimizin Şən və Hazırcavablar klubunun üzvləri idik. Daha sonra isə qərara aldıq ki, rep sahəsində də özümüzü yoxlayaq və beləliklə başladıq rep oxumağa.

– İlk üzvləriniz kimlər olub?

– İlk üzvlərimiz mən, Camal Əli, AİD, Errant, Felont De Jur, Pro Mete və digər uşaqlar olub. Bunlar təbii ki, üzvlərimizin əsl adı deyil, onların ləqəbləridir. Sonra uşaqların bir neçəsi çıxdı. Əvvəl bir nəfər, sonra iki, daha sonra üç… və hazırda HOST qrupu 4 nəfərdən ibarətdir.

– Qeyd etdiniz ki, HOST-u məktəb yoldaşlarınızla birgə yaratmısız. Söhbət hansı məktəbdən gedir?

– Qeyd edim ki, mən Bakı Türk Litseyini bitirmişəm və qrup üzvləri də bizim məktəbin uşaqlarından formalaşmağa başladı. Daha sonra isə digər litseylərdən bizə qoşulmağa başladılar. Məsələn, Pro Mete Sumqayıt Türk Litseyində təhsil alıb.

– Hazırda HOST neçə nəfərlə işini davam etdirir?

– Hazırda reperlər 4 nəfərdən ibarətdir. Amma ümumilikdə 100 nəfərə yaxın bir komandamız var ki, eyni formada düşünürük, bəzən bir yerdə işləyirik və s.
“Kim bu toqquşmada iştirak etməyibsə, deməli o, inkişaf etməyib
– Ali təhsilinizi hansı universitetdə almısız?

– Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumuşam. Universitet zamanı yaxşı oxumağı ilə seçilən tələbə olmamışam. Çünki həmin dövrdə həm də işləyirdim. Universitetə də gedirdim ki, qayıblarım olmasın. Məsələn, heç vaxt mühazirə yazmamışam və buna çox mənasız bir şey kimi baxmışam. Universitetdəki işim daha çox öz aləmimdə müəllimləri dolamaqdan, uşaqları müşahidə etməkdən ibarət idi. Çox zaman da arxa oturacaqda otururdum və universitetə o qədər də elm mərkəzi kimi baxmırdım.

– Qeyd etdiniz ki, universitetdə təhsil aldığınız müddətdə həmçinin işləmisiz. O zaman işlədiyiniz iş barədə məlumat verə bilərsiz?

– Bir neçə yerdə işləmişəm, o işlərin içində jurnalist fəaliyyəti də olub. Ümumiyyətlə, bu vaxta qədər 10-15 işdə çalışmışam. Bura zavodda daş daşımaqdan tutmuş, ofisiant, otel müdirinə qədər müxtəlif işlər daxildir. Bunların hər birini də evdən icazəsiz edirdim. Heç bir maddi sıxıntım yox idi, sadəcə bütün bunlar mənə maraqlı gəlirdi və gedib işləyirdim. Belə deyim də, Universitet dövründə hər hansı bir qızın dalınca düşməkdən daha çox mənə işləmək maraqlı gəlirdi ki, özümü sübut edim, özüm-özümü saxlaya bilim. Sonra yavaş-yavaş gördüm ki, ürəyimə yatan yaradıcılıqdır.

– Dediniz ki, işləyəndə bunu evdən gizlədirdim. Bugünki fəaliyyətinizə başlayanda ailəniz tərəfindən hər hansı bir tənqid, təzyiqlə qarşılaşmısınızmı?

– Sözsüz. Çox rastlaşmışam. 13 yaşımda enli şalvar geyinəndə atam deyirdi bu nə şalvardı?! Saçımı uzadanda deyirdi ki, qıza oxşayırsan, oğlan saçını uzatmaz, adam kişi olar və s. bu tip sözlərlə böyümüşük. Və yaxud otağıma posterlər, “Metalika” qrupunun şəkillərini vuranda gəlib deyirdilər ki, bunlar nədi vurmusan?! Yəni mən bütün bunlarla böyümüşəm. Bu, atalar və oğullar problemi idi. Həyatıma rep gələndə də yenə dedilər bu nədir?! Avaraçılıqdır! Bizim qohumlarımız buna nə deyər?! Bundan başqa deyirdilər ki, toya gedirsən, kostyum geyin, bu nədir geyinirsən, qohumlarımız buna nə deyər?! Bu sözlər qulağımızda ən çox eşitdiyimiz “mahnı”lar idi. Bu sözlər o dövrlərin “HİT”ləri idi. Sonra isə biz özümüz başladıq HİT-lərimizi yazmağa. İndi də valideynlər onlara qulaq asır.

– “A” romanında təsvir etdiyiniz qəhrəman da ailədə müxtəlif problemlər yaşayır, evdən qaçır. Əsərdə onun taleyi ilə öz taleyin arasında bir bağlılıq yaratmağa çalışmamısan ki?

– Məncə İQ səviyyəsi yuxarı olan istənilən gəncin ailədə problemləri olur. Əgər bir adamın evdə problemi yoxdursa, demək ya o, doğrudanda müqəddəs bir ailədə doğulub, ya ona çatmır ki, onun qarşısını və ya azadlığını əlindən alırlar. Məncə Azərbaycanda elə bir insan yoxduг ki, o, ailədə bu tip problemlərlə qarşılaşmasın. Bunun da əsas səbəbi Azərbaycanda keçid dövrünün olmasıdır. Biz SSRİ-dən müstəqillik dönəminə keçdik, yəni SSRİ düşüncəli insanla, müstəqil düşüncəli insan arasında toqquşma hər bir ailədə olmalı idi. Kim bu toqquşmada iştirak etməyibsə, deməli o, inkişaf etməyib.

– Maraqlıdır ki, replərinizdə daha çox cəmiyyətin problemlərinə toxunsanız da, məhz ailə-övlad problemlərinə az toxunursunuz…

– Son albomumuz olan “İşıq” albomunda biz cəmiyyətin problemlərindən qayıdıb, daha çox ailə – məişət problemlərini qabartmağa başladıq. Çünki istənilən cəmiyyətin birinci formulu ailədir. Əgər sənin öz ailənin yanında azadlığın yoxdursa, anandan utanırsansa və yaxud bacına qarşı “başkəsnlik” edirsənsə, sən artıq öz cəmiyyətini pis formalaşdırırsan. Burda artıq oturub korrupsiyadan danışmaq, başqalarına nəyi isə başa salmağın mənası yoxdur. Əvvəl öz ailəndən başlamalısan.

– Elxan, bir çoxları iddia edir ki, HOST qrupu əvvəl başqa movzulara toxunurdu, indi isə həmin mövzulara toxunmaqdan çəkinirlər.

– Burada söhbət “HİT” olan mahnılardan gedir. Biz 20 mahnı buraxırdıq. İctimai yükü çox olan mahnılar daha çox yayılırdı və ham deyirdi ki, HOST bunu yazıb. İndi də 20 mahnı yazırıq və onların içində ictimai yükü olan mahnı da var, sevgi mahnısı da və s. İndi insanlar sevgi mahnılarını daha çox yayırsa, bu artıq HOST-un problemi deyil. Sonuncu “İşıq” albomunu götürək, bu albomda “Aysel” adlı rep var, qadınların ailədə sıxışdırılmasından, qadın hüquqlarından bəhs edir. Bu mənim günahım deyil ki, insanlar ağır mövzulardan bəhs edən mahnıları deyil, daha çox əyləncəli mahnıları yayırlar. Biz bu mahnıları ona görə yazırıq ki, istənilən acı dərmanı insana verəndə  yanında bir stəkan su vermək lazımdır ki, rahat həzm ola bilsin. Əgər belə olmasaydı, gedib disertasiya yazardıq, daha fəlsəfi nəsə yazardıq. Ancaq gənclər bunu anlamayacaqdı.


“HOST-un hədəfi beyinlərdə psixoloji inqilab etməkdir”

– Replərinizdə bəzən Frans Kafkanın, Viktor Hüqonun və digər şəxslərin adı çəkilir. Belə demək olarmı ki, siz Azərbaycan repinə intellektuallıq gətirdiniz
?

– Bəli, bizim intelektual xeyrimiz dəydi. Bunu danmaq olmaz. Azərbaycan repində HOST-a qədər bayağı mövzular daha çox idi, amma bizim mövzular gələndə hardasa daha fəlsəfi replər yarandı.

– Dünyada bir çox müsuqi qrupları və ya müsiqiçiləri olub ki, öz cəmiyyətlərində mədəni inqilaba imza atıblar. HOST-un da belə bir hədəfi varmı?

– HOST-un hədəfi var və bu, beyinlərdə psixoloji inqilab etməkdir.  Yəni gənclərin özünüdərki, öz qəfəslərindən çıxıb azadlığı bilməsidir. Bu gün gənclərin öz qəfəsləri var. Məsələn: Bunu geyinməyim, mənə filan şey deyərlər, evlənməliyəmsə, evim olmalıdır. Çox vaxt bu tip hadisələrdə hamı deyir ki, zəmanə pisdir, heç nə edə bilmirəm. Edə bilmirəm o demək deyil ki, buna imkan yoxdur. İstənilən oğlan sevdiyi qızla gedib bahalı restoranda oturmaq məcburiyyətində deyil. Get evdən bir süfrə, pendir, çörək, pomidor götür, bir yaşıllıqda oturub “piknik” elə. Bunu eləməyə də şərait yoxdurmu?! Var. Bunu eləsən, sevdiyin qız üçün maraqlı olacaqmı?! Olacaq. Bəs bunu niyə eləmirik? Qorxuruq ki, birdən qohum-qonşu görər, pis baxar. Başqa bir misal. Məsələn: Ukraynanı götürək. İqtisadi baxımdan bizdən zəif ölkədir, amma insanları, gəncləri bizdən xoşbəxtdir. Orada heç bir gənc pul yığıb, gedib onu bahalı maşına vermir. Gedib ona “Moskoviç” ala bilərsə, “Moskoviç” alır. Amma bizdə 1000 manat görən kimi gedib “iPhone” alırlar. Bu bir növ psixoloji problemdir. Bizdə bir park tikiləndə hamı deyir ki, bu parka niyə 20 milyon pul xərcləndi?! Bu sual ona görə verilir ki, bu insana park lazım deyil, amma Avropada olsaydı, hamı deyərdi ki, əladır. Bizimkilərsə öyrəşib evdə otursun, ölülərinin şəkillərini vursun divara, bir dənə də kukla assın divarın hündür yerindən, yəni uşaqdan ən uzaq bir yerə. Kukla uşaq üçündür, amma onu da 3 metr hündürlükdə asırlar ki, uşaq ona əl vura bilməsin.

– Sizin kuklanızı da hündürlükdən asırdılar?

– (Gülür) Asırdılarsa da, qırıb ordan çıxardırdım. Yəni deməyim odur ki, bizim cəmiyyətdə budur problem. Azərbaycanlılar xoşbəxtlik simvolunu görə bilmir.

– Kütlənin HOST-a münasibəti sizi qane edirmi?

– Bəli, qane edir. “Facebook” sosial şəbəkəsində ən çox bəyənilən səhifə HOST-un səhifəsidir. Təqribən 15 min insan bunu bəyənib. Bundan başqa, elə konsertimiz olmur ki, boş yerlər qalsın və ya elə diskimiz olmur ki, satışda qalsın. Yəni nə hazırlayırıqsa, bunu dinləyicilər, oxucular qəbul edir. Bizə lazım deyil ki, 9 milyonluq azərbaycanlının hamısı bizi tanısın və ya Tofiq Bəhramov adına stadionda 10 dənə konsert verək. Buna o qədər də ehtiyac yoxdur. Bizim 5000 nəfərlik auditoriyamız var, biz onlar üçün işləyirik, onlar bizim üçün işləyir. Bizdə əlavə adama ehtiyac yoxdur, çünki artıq Azərbaycan gənclərinin qaymaqları HOST-a qulaq asır.

“Ər də rahatdır, arvad da, daha vəkilə nə ehtiyac var?”

– “A” romanın satış tirajı ilə bağlı müxtəlif iddialar var. Özün məlumat verə bilərsənmi nə qədər kitab satılıb?

– Təqribən 7 minə yaxın kitab satılıb. Təbii ki, bura piratlar daxil deyil.

– “A” romanının əvvəlində yazılıb ki, bu kitab “orta məktəb şagirdləri üçün sinifdənxaric oxu”dur. Niyə romanlarını daha çox uşaqlar üçün yazırsan?

– Ümumiyyətlə, bizim millətin mentalitetindən irəli gələn bir şey var ki, insana ancaq 35 yaşdan sonra hörmət eləmək olar, ancaq bu yaşdan aşağı olanlar uşaqdı. Bu gün Almaniyaya, Fransaya, İngiltərəyə getsək, görərik ki, onlar 7 yaşlı uşaqla böyük kimi danışırlar. Məndən soruşulanda ki, niyə uşaq üçün yazırsan, deyirəm bəs kimin üçün yazmalıyam?! Uşaq üçün yazmalıyam da. Məsələn, ABŞ-ın silah satışından qazandığı pulu Çin uşaq oyuncaqlarından qazanır. Yəni, uşağa pis və ya aşağı bir şey kim baxmaq lazım deyil. İndi yazdıqlarmın da yaş həddi 14-25 yaş arasıdır. Mənə heç yuxarı lazım da deyil. Ona görə 14 yaşlı uşaq üçün yazıram ki, o evdə valideynlərin təsirindən dəli olur. Məncə ona kömək etmək lazımdır.

– Elxan Qaraqan bu vaxta qədər hansı ilklərə imza atıb?

– Hamısını tam xatırlamıram. Məsələn Milli Kitab Mükafatının ilk qalibi olmuşam. HOST olaraq Azərbaycan repində ilk mədəni inqilabı biz etmişik. Bura HOST köynəklərinin satışı, divarlarda yazmaq və s. Bunu HOST-a qədər heç kim etməmişdi. Bundan əlavə də Azərbaycanda ilk “müzikl” konserti biz təşkil etmişik.

– Bəzən jurnalistlər sizə suallar verəndə ironik cavablar verirsizniz. Məsələn, sual verirlər ki, rəqibiniz kimdir, cavab verirsiniz ki, Brus Li. Belə cavab verməyiniz nədən irəli gəlir?

– O, sualdan asılıdır. Sual səni qıdıqlayanda, sən də bir az qıdıqlayırsan. Bu, qarşılıqlı münasibətdən asılı olan bir məsələdir. Görürəm ki, bu adam məni qıdıqlamaq istəyir, deməli bir-birimizi qıdıqlamalayıq ki, birgə gülək. Yox görəndə ki, bu insan cavab istəyir, mən də ona normal cavab verirəm.

– Amma sual veriləndə ki, romanınız tənqid olunub, buna münasibətiniz necədir? Siz isə cavab verirsiniz ki, məni kimsə tənqid edəndə, gedib hamamda çimirəm. Axı bu ironik sual deyil?

– Mən ümumiyyətlə neqativ işlərin hamısından qaçıram. Biləndə ki, biri haqqımda pis bir şey yazıb, onu oxumuram. Çünki onu oxumaqla hansısa sinir hüceyrələrim öləcək. Bioloji cəhətdən də bu elə hüceyrədir ki, o yenidən yaranmır. O zaman mən onu niyə oxuyub vaxt sərf etməliyəm?!

– Deməli siz ədəbiyyatda mövcud olan, oxucu, yazıçı və tənqidçi üçbucağını qəbul etmirsiz?

– Bilsəydim ki, oxucum yoxdur, başlayardım tənqidləri oxumağa ki, görüm məndə nə çatışmır?! Oxucu da, yazıçı da razıdırsa, o zaman o tənqidləri oxumuram. Yəni ər də rahatdır, arvad da, daha vəkilə nə ehtiyac var?

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized kateqoriyasında dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma