Yer kürəsini bəla gözləyir – FOTO

5 milyard insan bir anda məhv ola bilər…

Uşaqlıq illərində beşdaş oynardıq və bu oyun zamanı daşların hərəkətini seyr etməklə yanaşı, çevik olaraq udmağa çalışardıq. Amma o zaman anlamazdıq ki, daşlarla nə qədər sürətlə hərəkət etsən də, onlardan biri mütləq havada olur – digər dörd daş əldə, ya da yerdə ikən.
Böyüdük və anladıq ki, daşın göydə qalması mümkün deyil. Şair “Göy üzü daş saxlamaz” demişsə də, ondan əsrlər əvvəl Yerin cazibə qüvvəsi, ağırlıq qüvvəsi və çəki anlamları kəşf olunmuşdu. Gerçəkdən də, göydə daş qalmazmı?

Sən demə, qalarmış. Uşaqlıq sənələrinin “beş daşım var, hamısı böyük” şərqisinin indi yanlışlığı bəlli olur.
Bəşəriyyətin 5 yox, 150 daşı var ki, hamısı da çox böyükdür. O daşlar adi daş yox, asteroidlərdir.

Milli.Az xəbər portalı bildirir ki, ABŞ-ın Milli Aeronavtika Agentliyinin (NASA) apardığı araşdırmalardan biri də məhz planeti gözləyən potensial təhlükələrlə bağlı olub. Həmin araşdırmanın nəticələrinin yer aldığı hesabatda bildirilir ki, indi kosmosda, Günəş sistemində 175 təhlükəli asteroid var – onların arasında 150 səma cismi istənilən an Yerlə toqquşa bilər.

NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) mütəxəssisləri Yer planeti üçün potensial təhlükə kəsb edilən səma cisimlərinin astroxəritəsini hazırlayıblar. Həmin xəritədə səma cisimləri ölçülərinə görə təsnif olunub. 1-ci qrupa diametri 30-100 metr, II qrupa – 100-300 metr, III qrupa – 300 metrdən 1 kilometrə və daha çox diamterə malik cisimlər daxildi.

NASA ekspertlərinin dediklərinə görə, həmin asteroidlərdən hər biri istənilən an Yerlə toqquşa bilər. Bu, 2099-cu ilədək nəzərdə tutulmuş təxmindir. Alimlər sonrakı vaxtla bağlı proqnozları hesablamalarda ola biləcək xətalarla bağlı hazırlamayıblar.

Toqquşma misli görünməmiş fəlakət olacaq

Asteroidlərdən sadəcə, birinin Yerlə toqquşmasının mümkün nəticələrini xəyal etmək belə, qorxuludur. Belə ki, asteroidlər arasında ən kiçiyinin Yerə düşməsi nəhəng şəhəri və ya kiçik ölkəni məhv edəcək.
NASA alimləri deyirlər ki, asteroidlərin kəsb etdiyi təhlükəni aradan qaldırmaq üçün bundan sonrakı 10 il ərzində hər il minimum 300 milyon dolları gərəkli kosmik müdafiə tədbirlərinə xərcləmək gərəkdir.

Kosmosdaki asan hədəf

NASA-nın kosmik orbitdəki səma cisimləri üzrə tanınmış mütəxəssisləri sayılan Devid Morrisonla Klark Çapmanın fikrincə, Yer planeti “kosmik tirdə tərpənməz hədəf” sayıla bilər. Hələ 1994-cü ilin əvəllərində alimlərin birgə apardıqları tədqiqatda onlar kosmosdan Yerə gələ biləcək potensial təhlükənin həcmini müəyyənləşdirməyə çalışmışdılar. Hesablamalarında alimlər Yerlə yanaşı, Ayı da nəzərə almışdılar. Çünki Yer təki, Ay da sürəkli olaraq irili-xırdalı asteriod “gülləbaran”ının altındadır, zərbələrin izləri də iki planetdə milyardlarla il qalır.

Çapmanla Morrison hesab edirlər ki, hər 500 min ildən bir Yerə asteroidin düşməsi nəticəsində qlobal fəlakət baş verir. Hər 100 milyon ildən bir Yerə düşən 100 km və daha çox diametrə malik asteroidlər isə heç bir canlıya və bitkiyə yaşam şansı vermir.
Alimlərin hesablamalarına görə, son asteroidin düşməsindən bəri 500 min il artıq keçib. Yəni indi ən təhlükəli dönəmdir. Əgər az öncə bəhs etdiyimiz asteroidlər arasında nisbətən orta ölçülü bir səma cismi Yerə düşərsə və ya planetimizlə toqquşarsa, 5 milyard insan öləcək.

Mütəxəssislərin fikrincə, Yer üçün ən böyük təhlükə də elə orta ölçülü asteroidlərdir. Ümumiyyətlə isə insan övladı ibtidai icma quruluşunda yaşamağa başladığı dövrdən indiyədək 1,65 milyarda yaxın adam xırda və çox kiçik asteroidlərin Yerə düşməsi nəticəsində həlak olub.

İstisnasız olaraq bütün qitələrdəki çoxsaylı kraterlər Yerin geoloji tarixi boyunca sürəkli olaraq kosmosdan bombardmanlara məruz qaldığını göstərir. İndiyədək 150 belə nəhəng çuxur aşkarlanıb.
Onlar planetimizin məruz qaldığı bütün toqquşmaların izləri deyil.

1998-ci ildə Hollivudda çəkilmiş “Armageddon” blokbasterində Yeri Azərbaycan ərazisinə bərabər ölçülərdə asteroid təhdid edir. Filmin süjetinə görə, həmin asteroid planetimizə doğru 35000 km/saat sürətlə hərəkət edir. Fəlakətə 18 gün qalmış bir qrup qazma işləri mütəxəssisi sürətləndiirilmiş astronavt kursu keçir, “Şattl” kosmik məkiyinin idarəolunmasını öyrənir, asteroidə çatır, orada 225 metr dərinliyində quyu qazır və atom bombası ilə asteroidi iki yerə parçalayırlar.  Asteroidlərin parçaları Yerin yanından keçir və bəşəriyyət fəlakətdən qurtulur.
Mütəxəssislər isə belə ssenarinin reallıqla heç bir ələqəsinin olmadığını deyirlər. Yerlə toqquşa biləcək səma cisimləri həmin filmdəki nəhəng asteroiddən xeyli kiçikdir. Elə təhlükə də bundadır: daha kiçik obyektlərin yaratdığı təhlükəni aradan qaldırmaq daha çətindir.

Düşməni tanımaq gərəkdir

Astronomların fikrincə, Yeri gözləyən potensial təhlükəni azaltmaq üçnü bəzi asteroidləri diqqətlə tədqiq etmək gərəkdir. Fransanın Nitsa şəhərindəki rəsədxananın nəzdindəki “Cassiopee” laboratoriyasının alimlərinin fikrincə, Yerlə toqquşa biləcək asteroidlər arasından 3-ü səthlərinə pilotlu və ya pilotsuz zond endirilmək üçün ən münasib səma cisimləridir.

NASa-nın ekspertləri və xüsusi yaradılmış qruplar Yerlə toqquşa biləcək asteroidlər arasından “1992 UY4”, “2001 SK162” və “2001 PM9” adlı səma cisimlərini seçiblər. Seçimin səbəbi sadədir: həmin asteroidlər Günəşdən xeyli uzaq məsafədə olduğundan, primitiv quruluşludur. Bundan başqa, onların hər birinin kosmik aparatın rahat sürətlə orbitə çıxa biləcəyi sürəti – 7 km/saniyədən az hərəkət intensivliyi var.

Həmin asteroidlər NASA-nın “Speatser” teleskopu vasitəsilə müəyynələşdirilib. Yerin yaxınlığındaakı səma cisimlərinin izlənməsini nəzərdə tutan “”ExploreNEO” adlı proqram çərçivəsində aparılan işlər zamanı 293 asteroid müşahidə olunub. Bu ilin sonuna qədər isə astronomlar daha 700 asteroidi “saf-çürük” etmək niyyətindədilər.

Asteroidlərə missiyalar artıq gerçəkləşdirilib. Martın sonunda ABŞ-ın “Dawn” pilotsuz kosmik aparatı asteroidlər “kəmər”ində böyüklüyünə görə ikinci olan nəhəng Vestaya yaxınlaşıb. Aparat iyul ayında asteroidin orbitinə çıxasıdır: “Dawn” bu səma cisminin tədqiqatına bir il sərf edəcək. Daha sonra isə aparat Günəş sisteminin ən iri asteroidinə, diametri 950 km olan Sereraya tərəf yollanacaq.

Kleopatra təhlükəsi

Fevralın sonlarında bir qrup braziliyalı astronom Günəş sistemində indiyədək ən zərərsiz və təhlükəsiz sayılan Kleopatranın orbitinin qəflətən dəyişdiyini bildiriblər. Mars və Yupiterin orbitləri arasında, asteroidlər “kəmər”ində yerləşən Kleopatra hərəkət traektoriyasını dəyişdiyindən, yaxın aylarda Yerlə toqquşa bilər.

216 saylı, diametri 217 kilometr olan və zahirən sümüyə bənzəyən “Kleopatra”nı asteroidi XIX əsrdə avstriyalı astronom İohann Paliza “kəşf” edib.
Asteroidlərin Yerlə toqquşa bilmələrini çoxları nağıl, fantaziya, hətta filmlərdən götürülmüş pis ehtimal hesab edirlər.

Halbuki XVIII əsrin sonlarına qədər meteroitlər də göz yalanı sayılırdı. 1960-cı illərin sonlarında isə alimlər müxtəlif qitələrdəki nəhəng kraterlərin “eroziya” nəticəsində yarandığını deyirdilər.
Yerdə 65 milyon il əvvəl dinozavrların məhv olması vur-tut 15 kilometr diametrə malik asteroidin planetlə tooquşması nəticəsində oldu. Özü də dinozavrlarla yanaşı, asteroidin partlaması nəticəsində o dönəmdə planetdəki bitki və canlıların 88 faizi də məhv oldu.

… “Beş daşım var, hamısı böyük” deyimi ilə “beşdaş” oyunu indi unudulmaqdadı. Eynilə, Günəş sistemində olan və hər an Yerlə toqquşa biləcək asteroidlərin potensial təhlükəsi qulaqardına vurulduğu kimi…


YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı MARAQLI, Məlumat, Uncategorized, WORLD kateqoriyasında dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma